Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin
Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu
1926-cı ildə Ümumittifaq Tətbiqi Botanika və Yeni Bitkilər İnstitutunun (Ümumittifaq Bitkiçilik İnstitutu) Mərdəkanda quru subtropik bitkilər üzrə, Hirkanda (Lənkəranda) rütubətli subtropik bitkilər üzrə bölmələri kimi əsası qoyulmuş və Şərqi Zaqafqaziya şöbəsi kimi fəaliyyətə başlamışdır.
1930-cu ildə adı dəyişdirilərək Ümumittifaq Bitkiçilik İnstitutunun Şərqi Zaqafqaziya şöbəsi və 1934-cü ildə Ümumittifaq Bitkiçilik İnstitutunun Azərbaycan Təcrübə Stansiyası adlandırılmışdır.
1936-cı ildə Azərbaycan Təcrübə Stansiyası SSRİ XTK-nin qərarı ilə (16 mart 1936-cı il) yeni adda-Azərbaycan Quru Subtropik Bitkilər Təcrübə Stansiyası kimi SSRİ Xalq Torpaq Komissarlığının Subtropik Bitkilərin Baş İdarəsinin tabeliyinə verilmiş, elmi-metodiki rəhbərliyi isə Ümumittifaq Bitkiçilik İnstitutu həyata keçirilmişdir.
1944-cü ildə Azərbaycan Quru Subtropik Bitkilər Təcrübə Stansiyasının bazasında Azərbaycan Elmi-Tədqiqat Çoxillik Əkmələr İnstitutu yaradılmış, Azərbaycan SSR Xalq Torpaq Komissarlığının 16 iyun 1944-cü il tarixli 625 saylı əmri ilə yaradılmış institutun əsasnaməsini, strukturunu, ştatını və mövzu planının tərtib edilməsi məqsədilə 12 nəfərdən ibarət komissiya yaradılmışdır.
1952-ci ildən institutun adı dəyişdirilərək Azərbaycan Elmi-Tədqiqat Bağçılıq, Üzümçülük və Subtropik Bitkilər İnstitutu adlandırılmış və 1964-cü ildə institut Bakı şəhərindən 165 km məsafədə olan Quba rayonuna köçürülmüşdür.
1975-ci ildə üzümçülüyün inkişafını sürətləndirmək məqsədilə üzümçülük institutundan ayrılaraq sərbəst institut yaradılmış və institutun adı dəyişdirilərək Azərbaycan Elmi-Tədqiqat Bağçılıq və Subtropik Bitkilər İnstitutu kimi fəaliyyətini davam etdirmişdir.
Azərbaycan Respublikası Nazirlər Sovetinin 04 aprel 1980-cı il 150 saylı qərarına əsasən respublikada olan 8 meyvə tingliyi təsərrüfatları instituta birləşdirilərək statusu genişləndirilmiş və 1981-ci ildən Ə.Rəcəbli adına Azərbaycan Bağçılıq və Subtropik Bitkilər üzrə Elmi İstehsalat Birliyi adlandırılmışdır.
Kənd Təsərrüfatı və Ərzaq Nazirliyinin 14 dekabr 1992-ci il tarixli 1058 saylı əmri ilə Elmi İstehsalat Birliyinin tabeliyindən 8 meyvə tingliyi sovxozları çıxarılmış və institutun əvvəlki adı 30 mart 1993-cü il tarixli 207 saylı qərarla özünə qaytarılaraq Ə.Rəcəbli adına Azərbaycan Elmi-Tədqiqat Bağçılıq və Subtropik Bitkilər institutu kimi adlandırılmışdır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 dekabr 1999-cu il tarixli 190 saylı qərarı ilə Azərbaycan Elmi-Tədqiqat Bağçılıq və Subtropik Bitkilər institutu Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm Mərkəzinin struktur tərkib hissəsinə daxil olmuş və fəaliyyətini davam etdirmişdir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 17 aprel tarixli 109 saylı qərarı və Kənd Təsərrüfatı Nazirliyinin 22 iyun 2015-ci il tarixli 192 saylı əmri ilə institutun adı dəyişdirilərək Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu adlandırılmışdır.Hazırda dövlət elmi-tədqiqat müəssisəsi kimi fəaliyyətini davam etdirir.
