menu
Elanlar

Elmi fəaliyyət

Elmi fəaliyyətin əsas məqsədi Tumlu, çəyirdəkli, qərzəkli, subtropik bitkilər və çayçılığı daha mükəmməl elmi əsaslarla işləyib hazırlamaq, bu bitkilərin yüksək məhsuldar, tez bara düşən, ilaşırı məhsulvermə qabiliyyəti olmayan, ətraf mühitin mənfi amilləri kompleksinə davamlı, çayın yüksək zoğvermə xüsusiyyətinə malik yeni məhsuldar sortlarını yaratmaq və seçmək, onların genefondunu zənginləşdirmək, habelə meyvə bağı və çay plantasiyalarının zərərli orqanizimləri əleyhinə mübarizədə bioloji və aqrotexniki metodlardan istifadəyə üstünlük verməklə, inteqrir mübarizə tədbirləri sisteminin işlənib hazırlanması və təkmilləşdirilməsi, meyvə bitkiləri tinglərinin və çay əkin materialının istehsalı texnologiyasını yeni parametrlərlə zənginləşdirməklə yaxşılaşdırmaq, istehsal olunmuş meyvə və çay xammalının Avropa standartları səviyyəsində emalı texnologiyalarının və tullantısız emalı istiqamətində elmi-tədqiqat işlərini həyata keçirməkdən ibarətdir.

Hazırda institutda elmi-tədqiqat işləri 2017-2021-ci illər üçün təsdiq edilmiş problem-mövzu proqramına əsasən 12 mövzu və 44 iş üzrə davam etdirilir. (İnstitutda elmi-tədqiqat işləri 1990-2015-ci illərdə 3 proqram -“Meyvəçilik”, “Subtropik bitkilər”, “Azərbaycan çayı” proqramları üzrə, 1990-1995-ci illərdə 14 mövzu və 33 iş, 1996-2015-ci illərdə isə cəmi 45 mövzu 168 iş üzrə yerinə yetirilmişdir).

İnstitut alimləri tərəfindən meyvə bitkiləri və çayın ümumilikdə 220-dən çox yeni sortları yaradılmış, bunlardan 150-i Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinə təqdim olunmuş, onlardan 70-ə yaxın meyvə, subtropik bitki və çay sortları rayonlaşdırılmışdır. Bunlara seleksiya yolu ilə yaradılmış almanın - Azərbaycan, Şahdağ, S.Vurğun, Arzu, Quba şafranı, Təravətli, Nailə, Quba reneti, Nigar, Sülh, Payızlıq Quba, Qışlıq Quba, Sevinc, Elvin və s sortları; armud bitkisinin Əntiqə, Lətifə və s. sortları; heyva bitkisinin Çilləçi, Rəcəbli sortları, alça bitkisinin Rəcəbli sortu; şaftalı bitkisinin Malik, Fədai sortları; nar bitkisinin Azərbaycan, Oleq, İri dənəli, Balamürsəl sortları; fındıq bitkisinin Pərzivan zərifı, Firavan, Barlı, İri çatax, Zaqatala sortları; yunan qozu bitkisinin Faldar, Zaqatala-1, Kamal, Tala, İlqar sortları; zeytun bitkisinin Azərbaycan zeytunu, Şirin zeytun, Bakı zeytunu, Armudu zeytun, Ağbaba zeytunu, El zeytunu; feyxoanın - İrimeyvəli, Aydın, Şölə, Sərxan sortları; kivinin-Şəhlasortu; innab bitkisinin Azəri, Xəzəri, Nəsimi sortları, çay bitkisinin Azərbaycan-2, Azərbaycan-4, Lənkəran, sortları aiddir. Yaradılmış sortların yüksək məhsuldarlığına, məhsulun keyfiyyətinə, xəstəlik və zərərvericilərə qarşı davamlılığına və digər müsbət xüsusiyyətlərinə görə təkcə Quba-Xaçmaz bölgəsində 1000 ha-dan yuxarı alma, armud, alça, şaftalı və s. meyvə bağları salınmışdır.

Elmi naliyyətlərimiz: İnstitutun elmi fəaliyyəti nəticəsində pomoloji kolleksiya bağlarında hal-hazırda tumlu, çəyirdəkli, qərzəkli, subtropik və sitrus meyvə bitkilərinin, həmçinin çay bitkisinin 1000-dən çox sort nümunəsi, 6000-dən çox hibrid formaları toplanmışdır. Müxtəlif sortlar, emal texnologiyası və yeni bağ məlhəmlərinə aid 60-dan çox müəlliflik şəhadətnamələri alınmışdır. 2015-2016-cı illərdə Şərq xurması bitkisinin emalı üzrə “Tam yetişmiş xurma meyvələrindən qida məhsulunun alınması üsulu”, “Meyvə marinadının hazırlanması üsulu” və “Meyvə qarışığının istehsalı üsulu” ixtiralarına patent alınmışdır. ( İnstitutda əldə edilmiş elmi-tədqiqat işlərinin nəticələri 1990-1995-ci illərdə 7 tədbir üzrə, 1996-2015-ci illərdə isə 20 tədbir üzrə istehsalata tətbiq edilmişdir).

Elmi naliyyətlərin istehsalata tətbiqi: Elmi nailiyyətlərin istehsalata tətbiqi aşağıdakı mövzular üzrə yerinə yetirilmişdir. “Bağların aqrokompleks becərilməsində intensiv texnologiyanın təkmilləşdirilməsi”, “İntensiv tipli klon calaqaltıların yayılması”, “Çəyirdəkli metvə bağlarında cərgəaralarının saxlanılması və gübrələnməsi”, “Azərbaycan Respublikasının Quba-Xaçmaz bölgəsində intensiv tipli meyvə bağlarında klon calaqaltıların yayılması”, “Klon calaqaltılarında meyvə bitkilərinin əkin materialının yetişdirilməsi”, “İntensiv tipli cavan alma bağlarının su rejimi”, “Rayonlaşdırılmış yeni seleksiya və introduksiya olunmuş, eləcə də perspektivli meyvə sortlarının istehsalata yayılması”, “Gilas və xurma bağlarının zərərverici və xəstəliklərinə qarşı inteqrir mübarizə tədbirləri”, “Alma bitkisinin mineral qidalanma rejimi əsasında yüksək məhsuldarlığın aqrokimyəvi təminatı”, “Alma ağaclarının mütərəqqi üsullarla budanması və forma verilməsi”, “Cavan alma bağlarında cərgəarası torpağın mütərəqqi üsullarla saxlanılması sistemi”, “Alma sortları meyvələrinin şəkər-turşu nisbətinə görə saxlamaya yararlılığının əvvəlcədən proqnozlaşdırılması (müəyyənləşdirilməsi)” və s.